Yüklənir...
Giriş:
 
QlobalEnerji
Baş səhifə
Ön söz
Dünya necə çirklənir
Energetika problemi
Tükənməz təmiz enerji
Küləyin gücü
Külək qurğuları
Külək mühərriki
Külək pəri necə işləyir
Qanadda qaldırıcı qüvvə
Azərbaycanda külək enerjisi
Azərbaycanda görülən işlər
Daimi mühərrik
Düşündürən
Sən də düzəlt
Şəkil qalereyası
Məqalələr
Fizika Kursu
Səhifəm
Müəllifdən
İstifadə olunmuş ədəbiyyat
Dünya necə çirklənir...
      Həm ekoloji, həm də iqtisadi cəhətdən ən əlverişli yol isə tüstü borusundan havaya çıxan zəhərli maddələrin tutulması və onların başqa sahələrdə istifadə edilməsidir. Sənayedə yanacağın yandırılması, avtomobillərdə və təyyarələrdə mühərriklərin çoxlu miqdarda oksigen sərf etməsi də atmosferdə oksigenin azalmasına səbəb olur.
Buraya texnogen qəzalar zamanı baş verən boyük yanğınları, təbii yanğınları- vulkan püskürmələrini, meşə yanğınlarını, eroziya və torpaq sürüşmələri nəticəsində bitki örtüynun məhv olmasını, müxtəlif məqsədlərlə yaşıl bitki örtüyünün, meşə zolaqlarının qırılmasını da əlavə etsək, ümumilikdə ekoloji durumun təhlükəli həddə olduğunu daha aydın təsəvvür edə bilərik.

       Atmosferdə baş verən təhlükəli hadisələrdən biri də ozon qatının azalması və “ozon dəliyi”nin yaranmasıdır. Məlumdur ki, ozon qatı atmosferdə 15-30 km hündürlüklər arasında yerləşir. Bu qat günəşdən gələn ultrabənövşəyi şuaların qısadalğalı məhvedici hissəsini udaraq onu yer səthinə düşməyə qoymur və beləliklə, yerdəki canlı aləmin varlığı üçün şərait yardır. Oksigen O2 iki oksigen atomundan ibarət olduğu halda, ozon O3 üç oksigen atomundan ibarətdir. Ozon enerji mənbələrinin təsiri ilə oksigendən əmələ gəlir. Bu proses atmosferin nisbətən yuxarı qatlarında, 20-50 km hündürlükdə günəşin ultrabənövşəyi şualarının mövcud olduğu hissədə daha intensiv gedir və praktiki olaraq ozondan ibarət olur. İldırım çaxmaları və ya elektrik boşalmaları zamanı da ozon yaranması baş verir:

      Lakin ildırım çaxmalarından alınan ozonun miqdarı çox kiçikdir. Göründuyü kimi zərərli, öldürücü şualardan qoruma xassəsinə görə ozon qatı da yerin maqnit sahəsi qədər əhəmiyyətlidir və onunla müqayisə oluna bilər. Buna görə də ozon qatının zəifləməsi və “ozon dəlik”lərinin yaranması son dərəcə təhlükəli proseslərdəndir.
      Bəzi qazlar ozon qatının təhlükəli dağıdıcılarındandır ki, onlar da əsasən istehsal prosesləri zamanı maydana çıxır. Belə qazlara misal olaraq xloru Cl, azot oksidini NO2, freonu CF2Cl2 və s. göstərə bilərik. Bir xlor molekulu 10000 ozon molekulunu parçalaya bilir. Ozon qatını dağıdan ən təhlükəli mənbə freonlardır. Freonlar sənaye və məişət soyuducularında xlodan kimi istifadə edilir və qəza zamanı havaya dağılır. Ozon qatına çatan freonlar ultrabənövşəyi şuaların təsiri ilə asanlıqla xlora parçalanır və ozonun parçalanması üçün katalizator rolunu oynayır.
      Daha çox xlor və azot oksidi raket mühərriklərində bərk yanacaq istifadə edildikdə ayrılır. Məsələn, Şatl və reaktiv mühərriklər 50 km hündürlükdə 187 ton xlor və xlorlu hidrogen, 7 ton azot oksidi buraxır. Müəyyən olunub ki, son illər atmosferdə ozonun konsentrasiyası 5%-ə qədər aşağı düşüb ki, bu da ətraf mühütə zərərli təsir göstərə bilər. Atmosferin çirklənməsinin qarşısını almaqdan ötrü yaşıllıqlar, artırılmalı, təbii meşə zolaqları qorunmalı, sənaye müəssisələrindən atmosferə buraxılan zərərli qazların miqdarına nəzarət olunmalı, onlar təmizlənməli, bunlara qarşı müvafiq tədbirlər görülməli, ekoloji cəhətdən təmiz və bərpolunabilən alternativ enerji mənbələrindən istifadə genişlənməli, üzvi yanacaqla (benzin, dizel) işləyən avtomobillərdən hidrogenlə və elektrik enerjisilə işləyən nəqliyyat vasitələrinə mümkün qədər tez keçid edilməlidir.
       Atmosferin və torpağın çirklənməsi insan üçün nə qədər təhlükəlidirsə, hidrosferin çirklənməsi də gündəlik təhlükə hesab edilməlidir. Buna səbəb suyun həlledici olmasıdır. Ona qarışan tullantılar molekulyar və ion formasına keçərək ətraf mühütdəki canlı aləmi asanlıqla kütləvi şəkildə zəhərləyir. Suyun dövr etməsi və axımı ilə əlaqədar olaraq zəhərlənmə geniş ərazilərə yayılır. Bu yayılma çaylarda daha sürətlə baş verir və yüzlərlə kilometr məsafəyə yayılır. Suların çirklənməsi onda həll olmuş oksigenin miqdarının azalmasına səbəb olur. Oksigen azlığı hidrofauna və hidrofloranın dəyişməsinə gətirib çıxarır. Nəticədə su mühütində yaşayan bitki və heyvanat aləmi üçün təhlükəli vəziyyət yaranır. Su mənbələrinin durmadan çirklənməsi onların öz-özünə (təbii) təmizlənmə prosesini çətinləşdirir və buna sərf olunan biovaxtı xeyli artırır.
      Sənaye mənşəli tullantılar sudakı canlı aləmin normal həyat fəaliyyətini pozmaqla yanaşı hövzədəki suyun fiziki-kimyəvi xassələrini də dəyişir. Belə sular nə məişətdə istifadəyə, nə kənd təsərrufatında suvarmaya nə də ki, texniki məqsədlər üçün yaramır. Çirklənmiş sulardakı şəraitə uyğunlaşıb yaşayan bir sıra canlıların (ilbizlər, balıqlar yosunlar və s) insanlar tərəfindən istifadə edilməsi yeni-yeni xəstəliklərin yaranmasına gətirir. Bunun səbəbi bir sıra konserogen maddələrin sudakı canlıların orqanizimində tədricən toplanaraq insan üçün təhlükəli həddə çatmasıdır.
      Təbii suların neft və neft məhsulları ilə çirklənməsi daha ağır nəticələr verir. Neft suda yaşayan canlı aləmin hamısı üçün (bəzi bakteriyalardan başqa) kəskin zəhərdir. Suya qarışan neft onda yayılaraq suyun səthində nazik pərdə- neft təbəqəsi yaradır, bu da havadakı oksigenin suya keçməsinə mane olur. Nəticədə canlıların tənəffüzü çətinləşir. Bir damcı neft 1.5-2 m2; su səthini pərdə ilə örtür. Hesablanmışdır ki, dünyada hidrosferə ildə 12-15 milyon ton neft axıdılır. Dəniz və okeanların neftlə çirklənməsinin əsas mənbələri dəniz-neft yataqları, neftdaşıyan tankerlər, neft emal edən zavodlar, gəmi və qayıqların sürtkü yağlarıdır. Dünya okean və dənizlərinin elə sahələri var ki, orada balıq ovlamaq mümükün deyil. Neft iyinə görə onları yemək mümkün deyil.
      Hidrosferə axıdılan məişət tullantıları da sudakı qaz rejimini dəyişdiyi üçün zərərlidir. Bu tullantıların tərkibində olan üzvi maddələr suda mikrofaunanın sürətlə artmasına və bununla da oksigenin azalmasına və hətta tam tükənməsinə səbəb olur. Belə mühütdə isə ancaq anaerob mikroblar yaşayıb çoxala bilir. Anareob mikrobların həyat fəaliyyəti nəticəsində əmələ gələn H2S, N2, NH3, CH4 və başqa qazlar mühitdəki canlılar üçün ölümcül təhlükə yaradır.
      Hidrosferdə canlıların normal yaşayışını təmin edən amillərdən biri də “istilik çirklənməsi”dir. “İstilik çirklənməsi”ni yaradan mənbələr su hövzələrinə yaxın ərazilərdə tikilən mazut və başqa yanacaqla işləyən istilik elektrik stansiyalarıdır. İES-lərin kollektorlarını soyutmaq üçün böyük həcimdə su işlədilir. Hövzədən götürülən suyun temperaturu 40-45 dərəcəyə qədər qalxır. Bu temperaturda su mühütündə yaşayan canlı aləmin 60%-i məhv olur. İstilik çirklənməsinin zərərli cəhətlərindən biri də isinmiş suda oksigenin az həll olmasıdır. Bundan başqa, isti suda canlılar oksigeni daha çox sərf edir. Bütün bunlar yenə də suda oksigen çatışmamazlığına səbəb olur.
      Hidrosferdə ekoloji böhran yaradan amillərdən biri də radioaktiv maddələrdir. Atom sənayesi tullantıları ilə ən çox çirklənən çay sularıdır. Radioaktiv maddələrlə çirklənmiş çay sularından məişətdə və kənd təsərrüfatında istifadə insanlar üçün təhlükəli xəstəliklər yaradır. Radioaktiv maddələr toplanmış orqanizimdə (xüsusən embrionda) dəhşətli xəstəliklər , eybəcərliklər yaranır və çox vaxt ölümlə nəticələnir. İstehsalatda istifadə olunan suyun 5-10%-i təkrar istifadə oluna bilər, qalanı isə çirklənmiş halda yenidən hövzələrə buraxılır. Çirkləndirici maddələrin suda təbii yolla azalması öz-özünü təmizləmə prosesi ilə mümkündür. Təbii öz-özünü təmizləmə prosesi mikroorqanizimlərin həyat fəaliyyəti və günəş şualarının təsiri ilə gedir. Bu zaman üzvi maddələr parçalanır və zərərli bakteriyalar məhv olur, minerallaşma və çökmə baş verir.
      Ümumiyyətlə, tullantı suları təmizləmək üçün fiziki (və ya mexaniki), fiziki-kimyəvi və bioloji metodlardan istifadə olunur. Hidrosferi qorumağın ən səmərəli üsulları bunlardır: sudan istifadənin və onun qorunması üsullarının səmərəli təşkili, tullantı suların, xüsusilə də təhlükəli zəhərli qarışığı olan suların birbaşa təmiz su mənbələrinə, çaylara axıdılmasının qarşısının alınması, sənaye istehsalatında işlənən suyun miqdarını azaltmaqla və hava ilə soyutma texnologiyasına keçməklə suya qənaət edilməsi, istehsal prosesi zamanı su dövranının və ondan istifadənin səmərəli təşkili, çay axınlarının təmizlənməsi, yeraltı su anbarlarının yaradılması, sənaye müəssisələrində istifadə olunmuş suların təmizlənərək zərərsizləşdirilməsi və s. Bütün bu şərtlər qaydasınca yerinə yetirılərsə və daim gözlənərsə, onda hidrosferin mümkün qədər etibarlı şəkildə qorunmasına nail olmaq olar. Sənaye tullantıları təkcə atmosferi və hidrosferi çirkləndirmir. Burada litosferin (torpaq qatının) çirklənməsi də baş verir. Torpağın çirklənməsində ən çox sənaye müəssisələrinin tullantıları rol oynayır. Dünya miqyasında hər il 100 milyard tondan çox müxtəlif filiz və mineral yanacaq növləri, 300 milyon tondan artıq mineral gübrələr almaq üçün xammal çıxarılır. Lakin texnoloji emal prosesində metal filizlərinin yarısı, kimyəvi xammalın isə üçdə biri itirilir, lazımsız tullantılar şəkilində biosferə atılır. Xammal, yarımməhsullar, xammalın fiziki-kimyəvi emalı məhsulları, faydalı qazıntıların çıxarılması və zənginləşdirilməsi məhsullarının qalıqları, sənaye müəssisələrindən havaya buraxılan qazların və tullantı suların təmizlənməsi məhsulları, məişət tullantıları litosferi çirkləndirən bərk tullantılardır. Yenidən istifadə xassəsini itirmiş bərk tullantıları ya xüsusi ayrılmış yerlərə və yaxud xəndəklərə yığırlar. Bəzi tullantılar isə peçlərdə yandırılmaqla ləğv edilir. Zəhərli, bərk toksik tullantıları və tərkibində toksik maddələr olan suları, yeraltı suları zəhərləməməsi üçün sukeçirməyən materiallar döşənmiş çuxurlarda yığırlar.
      İri şəhərlərin məişət tullantılarının ildən-ilə çoxalması daim yeni əlavə təbiəti mühafizə problemləri yaradır. Şəhərətrafı torpaq sahələrinin və elə şəhərin özünün tullantılarla çirklənməsi sağlamlıq üçün vacib olan yaşıllığın məhv olmasına, qeyri-məhsuldar torpaq sahələrinin yaranmasına və infeksion xəstəliklərin meydana çıxaraq yayılmasına səbəb olur. Bir müasir iri şəhərdə ildə 30 milyon ton zibil şəklində məişət tullantıları əmələ gəlir. Bu cür tullantılar ətraf mühüt üçün ciddi problemlər yaradır. Məişət tullantılarının xəndəklərdə basdırılaraq ləğv edilməsi üsulu çox da uğurlu üsul deyil. Tullantıların bu usulla necə gəldi atılaraq basdırılması, ləğv edilməsi üsulu indiyədək geniş yayılmışdır. Bu tullantıların basdırıldıqdan sonra tam parçalanması və təbiətə qarışması üçün 15-20 il vaxt lazımdır. Digər yandan nəzərə almaq lazımdır ki, məişət tullantılarının tərkibində olan bir çox materiallar, tullantılar demək olar ki, heç vaxt parçalanaraq torpağa qarışmır. Onların zərərsizləşdirilməsi və ləğvi həm sanitariya, həm də iqtisadi cəhətdən vacib məsələdir. Məsələn bu tullantılardan təkrar emal etməklə gübrə, müxtəlif materiallar, bioyanacaq və s əldə etmək olar. Bərk məişət tullantılarının etibarlı zərərsizləşdirilməsi üsulu onların xüsusi sobalarda yandırılmasıdır.

      Ümumiyyətlə ətraf mühiti çirkləndirən əsas sənaye sahələri aşağıdakılardır:
1) Qara və əlvan metallurgiya
2) Neft çıxarma
3) Neft-kimya
4) Kimya
5) Tikinti materialları müəssisələri
6) Avtonəqliyyat
7) İstilik energetikası
Bildiyiniz kimi bu sənaye sahələrinin fəaliyyəti energetika və enerji resursları üzərində qurulub. Bu sənaye sahələri neft-qaz, daş kömür və onlardan alınan digər məhsullar hesabına fəaliyyət göstərir.
       Bəşəriyyətin inkşafı insanın enerjiyə nə dərəcədə yiyələnməsi ilə sıx bağlıdır. Bu bağlılıq ilk öncə elektrik enerjisi istehsalının artımı ilə ölçülür. Dünyada istehsal olunan elektrik enerjisinin 80%-i istilik elektrik stansiyalarının payına düşür ki, bu stansiyalar üzvi yanacaqla işləyir. Bu o deməkdir ki, dünya miqyasında üzvi yanacaq, yəni neft-qaz hasilatında azalmaya və tükənməyə doğru hər hansı bir sürətli dəyişiklik dünyadakı enerji istehsalından yan keçməyəcək. Hasil olunan neft-qaz, daş kömür, torf təkcə elektrik enerjisi hasilatına sərf olunmur. Onlardan kimya sənayesində müxtəlif məhsulların alınmasında, nəqliyyat vasitələri üçün yanacaq istehsalında və s. məqsədlər üçün istifadə olunur. Ona görə də bu qiymətli məhsulun tükənməsi təkcə qlobal enerji böhranı deyil, həm də iqtisadi böhran da yaradacaq. Hasil olunan neft-qaz məhsullarının böyük bir qismi istilik-energetika müəssisələrində sərf olunur. Zaman keçdikcə bəşəriyyətin inkşafı onun enerjiyə olan tələbatını sürətlə artırır. Nəticədə dünyadakı karbohidrogen, daş kömür, torf ehtiyyatı da sürətlə azalır. Bu isə onların ehtiyyatının kəskin azalmasını və tam tükənməsini qaçılmaz edir. Dünya əhali artımının və bu artıma müvafiq olaraq enerjiyə və digər məhsullara olan təlabatın fonunda birdən-birə enerji böhranının yaranması, iqtisadi böhranın meydana çıxması və uzun müddət davam etməsi sözün əsil mənasında xaos yarada bilər. Bütün bunlara korlanmış ekoloji vəziyyəti də əlavə etsək alınan mənzərənın nə dərəcədə acınacaqlı olduğunu asanlıqla göz önünə gətirmək olar. Bəs belə bir vəziyyətdən qaçmaq üçün və yaxud hazırda dünyanın müxtəlif yerlərində müşahidə olunan bu kimi böhranlardan xilas olmaq üçün hansı qabaqlayıcı tədbirləri görmək olar? Bu suala bir qədər sonra qısa və konkret səkildə cavab verməyə çalışacaqıq.
       Diqqətli oxucu fikir verdisə biz dünyanın çirklənməsi dedikdə öncə təsəvvürümüzə onun korlanmaqda olan ekoloji vəziyyəti və onu doğuran müxtəlif sənaye müəssisələrini gətirdiyimizi demişdik. Meydana yeni bir sual çıxır. Məgər planetin çirklənməsi təkcə bizim yaşayışımız üçün zəruri olan məhsulların istehsalı iləmi baş verir? Bu əslində belədir, lakin burada başqa təsir göstərən amillərdə var. Biz müxtəlif qlobal problemlərdən danışdıq. Bir qlobal sayıla biləcək problem də var, onun tarixi az qala bəşəriyyətin yaşı qədərdir— bu müharibələrdir. Minilliklərdən keçe-keçə bu və ya digər miqyasda dünyanı bürüyən müharibələr. Qədim dövrlərin müharibəsi insanlara zərər vururdusa, bəzən dövlətlərin süqutuna səbəb olurdusa da və ya o zamankı dünyanın siyasi xəritəsini dəyişdirididsə də onların gücü bütünlükdə dünya xalqlarına və planetin ekologi durumuna heç bir təsir edə bilmirdi. Lakin XX-XXI əsrin hərbi qüdrəti elm və texnologiyanın yüksək inkşafı ilə əlaqədar olaraq öz təsir gücünə görə tamamilə fərqlidir. Bugünkü dünya artıq yeni kimyəvi, bioloji, nüvə adlanan silahlarla silahlanıb. İndiki şəraitdə kütləvi qırğın silahlarının və onları hədəfə çatdıran raketlərin təkmilləşdirilməsi və istehsalı elə bir həddə gəlib çatmışdır ki, nüvə müharibəsi bəşəriyyət üçün real təhlükə olaraq qalır.

       Alimlərin hesablamalarına görə indi mövcut olan nüvə silahlarının gücü planetmizdəki canlıları bir neçə dəfə məhv etmək üçün kifayət edər. Bu sahədəki tədqiqatlar göstərir ki, nüvə müharibəsi həm də dəhşətli ekoloji fəlakət törədərək Yer kürəsini yaşayış üçün tamamilə yararsız hala sala bilər. Buna görə də bəşəriyyətin tərəqqisi, müharibəsiz xoşbəxt gələcəyi nüvə silahı ilə bir araya sığa bilməz. Vaşinqtonda keçirilən “ Dünya nüvə müharibəsindən sonra ” adlanan konfransında bu dəhşətli nüvə müharibəsinin törədəcəyi fəlakətli nəticələri bu cür təsvir etmişlər: zəhərli qazlar və tüstü ilə müşayiət olunan kütləvi yanğınlar; günəş işığını udaraq yer səthini qaranlıqlaşdıran süni buludların yaradacağı “nüvə gecəsi”, planetdə radiasiya balansının pozulması; temperaturun 40-50 dərəcə aşağı düşməsi və nəticədə “nüvə qışı”nın yaranması; sağ qalan insanların və digər canlıların kütləvi şəkildə məhv olması və s. digər fəlakətlər; Belə bir müharibənin doğuracağı nəticələr Yer kürəsinin asteroidlə toqquşması zamanı meydana çıxa biləcək fəlakətlərə oxşayır.

      Nüvə müharibəsi təhlükəsinin qarşısını almaq üçün, hər şeydən əvvəl, sürətlə silahlanmanın, nüvə silahları istehsalının qarşısı alınmalıdır, kimyəvi və bakterioloji silahlar tamamilə qadağan edilməlidir. Ən azı nüvə sınaqları məhdudlaşdırılmalı, onların üzərinə maratorium qoyulmalı və son nəticədə onların istehsalı qadağan edilməlidir. Bütün bunlar ona görə vacibdir ki, nəhəng hərbi cəbbəxanalar, bir neçə dövlətin, xüsusən də işğalçı, təcavüzkar siyasət yürüdən dövlətlərin əlində cəmləşmiş külli miqdarda nüvə silahları bəşəriyyət üçün ən böyük təhlükə mənbəyidir. Bu silah yaradılırsa və mövcutdursa deməli o bir gün “kiminsə başı”na atılacaq. Doğrudur, İkinci Dünya müharibəsindən sonra hansısa bir dövlət atom bombası hücumuna mərüz qalmayıb, ondan ən çox siyası və psixoloji təsir vasitəsi kimi istifadə olunur. Amma bir gün hansısa səbəblərdən nüvə silahının dinc insanlara qarşı tətbiq olunmayacağına heç kəs zəmanət verə bilməz. Nüvə müharibəsi başlanarsa, burada nə qaliblər nə də məğlublar olacaq, o, hamının, bütün bəşəriyyətin məhvi ilə nəticələnə bilər. Odur ki, nüvə müharibəsi təhlükəsinin qarşısını almaq üçün bütün dövlətlərin, birinci növbədə, nüvə silahları olan dövlətlərin səylərini birləşdirməsi zəruridir. Təhlükəli olan nüvə və digər silahların istehsalına, onların saxlanmasına və müəyyən müddətdən sonra ləğv edilməsinə milyonlarla dollar vəsait sərf olunur. Güclü iqtisadiyyatı, güclü sənayesi, bol sərvətləri olan nəhəng aparıcı dövlətlər silahlanmaya milyardlarla dollar sərf edir. Bu məbləğ bəlkə də həmin dövlətin vətəndaşının əmək haqqısında, onun dövlətinə verdiyi vergidə öz təsirini göstərmir. Lakin harasa bir körpə sadəcə acından ölür, haradasa bir xəstə maddi imkansızlıq ucbatından öz kasıb daxmasında, ölüm yatağında əziyyət çəkir-əgər o daxma da varsa.
Özünüz-özünüzə belə bir sual verin: Bu gün haradasa atılan bir mərmidən neçə ev dağıldı, nə qədər həyatları apardı?; Bu gün haradasa partlayan bir minadan neçə insan həlak oldu, heçə insan əlil oldu?; Bu gün haradasa terror nəticəsində neçə insan həyatını itirdi?; bu gün haradasa hansısa mənasız və faydasız bir işdən ötrü nə qədər pul və əmək sərf olundu?; Bu gün başqaları böyümədən neçə ağac kəsildi?; bu gün bir neçə nəfərin verdiyi qərar bir neçə min və milyon nəfərin həyatını necə dəyişdi?; Və bu gün mən ölkəm üçün, xalqım üçün, ailəm və yaxınlarım və son nəticədə dünya üçün cüzi də olsa hansı faydalı işi gördüm və bundan başqa insanlar və dünyamız bir zərər görmədi ki?;
       Hər halda işğalçı müharibələrə, faydasız silahlanmaya sərf olunan bu vəsaitləri və əməyi daha faydalı və xeyirxax işlərə, yer üzərində sülhün əminamanlığın qorunmasına, ekoloji fəlakətlərin qarşısının alınmasına, elm və texnologiyanın daha da inkşaf etməsinə sərf etmək olardı. Göründüyü kimi planetimizdə çox ciddi ziddıyyətlər mövcutdur. Bir tərəfdən hər il kütləvi qırğın silahlarının istehsalına, onların zərərli sınaqlarına, əsassız müharibələrə yüz milyardlarla dollar sərf edilir, dıgər tərəfdən hər il milyardlarla adam acından ölür. Nə qədər ki, müharibə və münaqişələr öz ədalətli həllini tapmayıb, Yer üzündə sülh və əminamanlıq bərqərar olmayıb, nə qədər ki baş verən qlobal problemlərə qarşı ciddi qabaqlayıcı tədbirlər görülməyib bir o qədər də dünyamız hər cür çirkab və natəmizliklə çirklənəcək və bunu aradan qaldırmaq zaman keçdikcə çətinləşəcək. Müharibələrin, narkomaniyanın, əxlaqsızlığın, beynəlxalq terrorizmin, insanlara böyük maddi zərər vuran kortəbii fəlakətlərin qarşısının alınması, yoxsulluğun, aclığın aradan qaldırılması, ictimai ədalətin bərqərar edilməsi, bütün insanların zəruri yaşayış vasitələri ilə təmin edilməsi, mənzilə, maarifə, təhsilə, səhiyyəyə, nəqliyyata, rabitəyə, kütləvi kommunikasiya və informasiya vasitələrinə, xammala və enerjiyə olan tələbatın ödənilməsi, dünya ölkələrinin sosial-iqtisadi inkşafının təxmini bərabərləşdirilməsi, insan hüquqlarının qorunması, torpaqlardan, bütün təbii sərvətlərdən səmərəli istifadə edilməsi, əhali artımının tənzimlənməsi, ayrı-ayrı bitki və heyvan növlərinin yoxa çıxmasına qarşı tədbirlər görülməsi, dünya okeanının, kosmosun birgə mənimsənilməsi həll edilməsi vacib olan qlobal problemlərdir və onların həlli dünyamızın hər cəhətdən təmizləyinə gətirəcək.

Fikirlerini Paylaş, Sen de Kazanmaya Başla!
Online olan istifadəçilər: aktiv olan istifadəçi yoxdur.
Aktiv olan istifadəçilərin sayı: 0
Saytın bütün hüquqları qorunur.
NPDesign 2009 / Proqramçı və dizayner Vaqif ƏHMƏDOV